• Ç. İyn 26th, 2024

Döyüşlərdən çıxan vətən

Apr 24, 2022, 10:45

Hüseynov İlham İlqar oğlu

Gəncə şəhəri, Mikayıl Müşfiq adına 14 nömrəli məktəbin 11-ci sinif şagirdi

Açıklama yok.

Mən Gəncədə doğulub böyümüşəm. Mənə görə dünyanın ən gözəl şəhəri Gəncədir. Tək mənə görə deyil, həqiqətən belədir. Gəncədə hər zaman böyüyə hörmət, kiçiyə sevgi, insanlara mehribanlıq görmüşəm. Bir də əmin amanlıq. Nənəm həmişə deyir ki, Gəncə İmam Hüseyn şəhəridir. Allah bu şəhəri qoruyur. Yadımdadır ki, lap uşaq vaxtı idi. Gecə bütün qonşular çıxıb həyətdə gecələdilər. Dedilər ki, bu gecə zəlzələ olacaq. Nənəm bizi küçədə gecələməyə qoymadı. Dedi ki, Gəncəyə bir şey olmaz. Bura İmam Hüseynin şəhəridir. Allah bura bəla verməz. Gecəni elə qorxa-qorxa yatdım ki, birdən zəlzələ olar, evimiz başımıza uçar. Səhər sağ salamat duranda nənəmin dediklərinə inandım. O vaxtdan bizə heç nə olmaz deyirdim. Lakin, o ilk raketin düşdüyü günü dünyanın ən dəhşətli günü kimi xatırlayıram…

 Birdən tüpürpədici bir səs gəldi. Evimiz titrədi. Əvvəl nə olduğunu anlamasam da, pəncərə şüşələrinin üstümə gəldiyinini, aynadan girən küləyin məni evin o biri başına atdığını gördüm. Qonşuların səsini eşidirdim. Hamı qışqırır, kimsə ağlayırdı. Bomba atdılar, raket atdılar deyə səslər eşidirdim. Tez yerimdən qalxdım. Mənə heç nə olmamışdı. Amma bilirdim ki, bu zərbə məndən uzaq olsa da, hansısa ailənin, evin düz ortasına düşmüşdü. O gündən o səsləri tez-tez eşitməyə başladıq. Qorxduq, qorxmadıq desəm yalan olar. Ölən uşaqlara üzüldüm, üzülmədim desəm yalan olar. Bütünlüklə məhv olan ailələr üçün ağladım, ağlamadım desəm yalan olar, hələ çox balaca ikən dünyada tək qalan uşaqları görəndə ürəyim göynədi, göynəmədi desəm, yalan olar. Amma ən çox hiss etdiyim, hirs oldu. Axı mən niyə məktəbliyəm dedim, niyə mənim əsgərlik yaşım tamam olmayıb, axı mən niyə o erməni ilə döyüşə bilmirəm. Hələ də eyni düşüncədəyəm. Amma tez məktəbi bitirmək və hərbçi olmaq istəyirəm. Müharibə arzulamıram. Amma o hərbçi paltarını geyinib, düz sərhəddə dayanıb, üzü o tərəfə fərəhlə baxmaq istəyirəm. Biz vətən üçün şəhid olarıq, amma yenidən doğulub, yenidən çoxalarıq.

Gəncəfilm kino Yaradıcılığının İnkişafına Təkan İctmai Birliyinin Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra etdiyi “Gəncə terroru – Gələcək nəsillər üçün qan yaddaşı” layihəsi çərçivəsində keçirilən inşa müsabiqəsi üçün yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir