• Be. Apr 22nd, 2024

Erməni yalanlarını ifşa edən muzey

Apr 26, 2022, 17:48

“ARDIC” Hərəkatı Prezident İlham Əliyevə müraciət etməyə hazırlaşır. Müraciətdə məqsəd Bakı şəhəri, Binəqədi rayonunda yerləşən 99 saylı tam orta məktəbdə tarix müəllimi işləyən Səyyad Rəfiyev tərəfindən təşkil edilmiş tarix diyarşünaslıq muzeyinin dövlət qeydiyyatına alınmasına nail olmaqdır”.

Bu barədə Turkustan.az-a “ARDIC” Hərəkatının təsisçisi, əslən Ardıc kəndindən olan, siyasətşünas-alim, yazıçı, publisist Elşən Nəsibov məlumat verib.

Onun sözlərinə görə, muzey 30 ildən çoxdur, məktəbin nəzdində fəaliyyət göstərir və əyani vəsait olaraq tədrisdə, şagirdlərin əyani biliklərinin artırılmasında istifadə olunur.

E.Nəsibov deyib ki, S.Rəfiyev hələ vaxtilə işlədiyi Ermənistanın Quqark rayonunun Ardıc (ermənilər hələ sovet dövründə dəyişdirərək Arçut adlandırıblar) kəndinin orta məktəbində zəngin muzey yaradıb və kəndin, həmçinin ümumilikdə regionun qədim türk yurdu kimi zəngin irsini təbliğ edib: “1988-ci ildə kənd əhalisi zorla deportasiya olunanda və Azərbaycana pənah gətirəndə Səyyad müəllim zəlzələdə dağıntılar altında qalmış eksponatların böyük bir qismini xilas edərək özü ilə Bakıya gətirib və işlədiyi məktəbdəki sinif otaqlarının birində yenidən muzey yaradıb”.

Muzey eksponatları daş işləmə, dulusçuluq, misgərlik, dəmirçilik, zərgərlik, xalçaçılıq və s. nümunələrdən ibarətdir. Muzeydə, həmçinin müxtəlif dövrlərə aid olan sikkələr, istiqrazlar nümayiş olunur.

Eləcə də maarifləndirmə məqsədilə muzeydə müxtəlif milli-mədəni tədbirlər həyata keçirilir, çoxlu sayda qonaqlar muzeyi ziyarət edirlər.

Bu günlərdə də “ARDIC” Hərəkatının bir qrup fəalı muzeyə baş çəkib. Daha sonra onlar Binəqədi rayonunda əslən Qərbi Azərbaycanın Arçut kəndindən olan şəhid, Azərbaycanın Milli Qəhrəmanı Fərhad Hümbətovun adına olan bağda qəhrəmanın büstünü ziyarət edib, əziz xatirəsini yad edərək abidəsi önünə tər çiçəklər düzüblər.

Azərbaycanda və xarici ölkələrdə məskunlaşmış Ardıc (Arçut) sakinləri bu muzeyi Qərbi Azərbaycanda erməni tapdağında qalmış kəndlərinin maddi-mədəni irsi hesab edir və hal-hazırda muzeyə özlərinin tarixi mədəni və ictimai sərvəti kimi sahib çıxmaq üçün mühüm işlər həyata keçirməkdədirlər. Bu yöndə kənd sakinlərinin başlıca və ümdə məqsədi muzeyin Səyyad Rəfiyevin təsisçiliyi ilə qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınmasına nail olmaqdan ibarətdir. Ölkə başçısı İlham Əliyevə və müvafiq qurumlara kollektiv müraciət edilməsi nəzərdə tutulur. Kənd sakinləri hesab edir ki, ermənilərin yalanlarını ifşa etmək üçün muzey ən mühüm maddi və mənəvi təbliğat və təşviqat vasitəsidir, düşmənə tutarlı cavab vermək üçün əldə olan ən mühüm silahdır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir