• C. Apr 19th, 2024

Gözüyaşlı şəhərim

Apr 24, 2022, 10:51

Heydərli Jalə Müşfiq qızı

Gəncə şəhəri, Texniki, Təbiət Fənləri Təmayüllü liseyin 10-cu sinif şagirdi

Açıklama yok.

Mənim 17 yaşım var. Bu 17 ildə çox müharibələr, terror hadisələri haqqında eşitmişəm. Hələ mən dünyaya gəlməzdən öncə yaxın tarixdə baş verən 20 yanvar terror hadisəsini, Xocalıda vəhşicəsinə öldürülən, işgəncə verilən həmyerlilərimiz barədə məlumatları kədərlə oxumuşam, videomateriallara baxmışam. Dağılan yurd yerlərinin rəsminə, videolentinə baxıb köks ötürmüşəm. Ən çox da balaca, körpə uşaqların cansız bədənlərini, üz-gözünü qan örtmüş üzlərini görəndə kədərlənmişəm. Amma heç vaxt bir gün bunun canlı şahidi olacağıma inanmamışam. Ta ki, 4 oktyabr 2020-ci il, bazar günü Gəncə şəhərinə ilk raket atılana qədər…

İndi Gəncəyə raket düşən günlərin tarixini və orda ölən, yaralanan uşaqların adını əzbər xatırlayıram.

Şəhərimizə raket hücumu nəticəsində 26 nəfər mülki şəxs  – uşaq, qoca, qadın həlak olmuşdur.

2007-ci il təvəllüdlü Mayakov Artur Vladimiroviç 17 oktyabr tarixində ermənilərin Gəncəyə raket atması nəticəsində yaralanmışdı. O, 7 gündən sonra müalicə aldığı xəstəxanada dünyasını dəyişdi.

Eyni qətliam nəticəsində 15 yaşlı Nigar Əsgərova da həlak oldu. Gəncə şəhər 29 nömrəli məktəbin şagirdi olan Nigarın hadisənin sabahı günü ad günü olacaqdı.

Nigarla yanaşı, onun 10 aylıq xalası qızı Narin Xalıqova və anası Sevil Əsgərova da 17 oktyabr erməni terrorunun qurbanları oldu. Ana ilə körpəsi eyni məzarda dəfn edildi. Həmin gecə Əsgərovlar ailəsinin 5 üzvü həlak oldu.

17 oktyabr qətliamında yuxuda ikən həlak olan körpələrdən biri də 1 yaşlı Mədinədir. Həmin gecə Mədinə və valideynləri də terrorun qurbanları oldular. Ailədən geriyə Mədinənin 3 yaşlı bacısı Xədicə qaldı…

Bacı və qardaş – 6 yaşlı Xəlilli Məryəm və 11 yaşlı Xəlilli Orxan da 17 oktyabr qətliamının qurbanları oldu.

Bu uşaqların hamısının şəkli Gəncənin müxtəlif yerlərində qarşıma çıxır. Əvvəlki qələbə parkının yaxınlığında qalıqları hələ də saxlanılan və memorial kompleks tikilməsi planlaşdırılan ərazidə bütün həlak olanların rəsmləri olan lövhə var. O lövhədəki balaca uşaqların üzlərini əzbər bilirəm. Bir də üzlərin içərisində o terrordan sağ qalmış, üzü qanla örtülmüş, lakin kameranı görüb gülümsəyən balaca oğlanın şəkli. O oğlan bizə hələ o gün zəfərin yaxında olduğunu, çox keçmədən üzümüzün güləcəyini deyirdi. Bundan sonra bütün uşaqlar gülsün istəyirəm. Şuşaya, Ağdama, Zəngilana getmək, oraları öz dostlarımın, sinif yoldaşlarımın qəhqəhəsinə boğmaq istəyirəm.

Gəncəfilm kino Yaradıcılığının İnkişafına Təkan İctmai Birliyinin Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra etdiyi “Gəncə terroru – Gələcək nəsillər üçün qan yaddaşı” layihəsi çərçivəsində keçirilən inşa müsabiqəsi üçün yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir