• Be. Fev 26th, 2024

Unudulmayacaq tarix

Apr 24, 2022, 10:39

İbrahimli İbrahim Azər oğlu

Gəncə şəhəri, M.Mehdizadə adına 4 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi

Açıklama yok.

4 oktyabr 2020-ci il. O gün sıradan günlərdən biri olmalı idi, amma…. O səslər hər şeyi dəyişdi. Həm də, heç vaxt unutmayacağımız şəkildə.

Hər səhər olduğu kimi yenə yuxudan durub həyətdə gəzirdim. Məlum olduğu kimi, pandemiya ilə əlaqədar dərslər onlayn rejimdə davam edirdi. Hər axşam Prezident İlham Əliyevin cəbhədən verəcəyi xoş xəbərləri gözləyirdik. Səhər duranda da axşamın tez gəlməsini, yeni-yeni torpaqların düşməndən azad olması xəbərini eşitməyi arzulayırdıq. Amma o səs hər şeyi dəyişdi. Gəncə şəhərinə ilk dəfə ermənilərin atdığı raket mənim müharibənin dəhşətləri haqqında fikrimi formalaşdırdı. Artıq şəhərdə səs-küy qalxmışdı. Raket səsinin ardınca yenə səslər eşidildi. Anam, nənəm, bibim, bacım – hamı dəhşətə qapılmışdı. Kinolarda, televizorlarda eşitdiyimiz, gördüyümüz mənzərələr Gəncəmizdə canlanırdı. Atam həmin vaxt işdə idi. O, dövlət qulluğunda çalışır. Dərhal nənəmə zəng vuraraq panikaya düşməməyimizi, ehtiyatlı olmağımızı dedi. Mən qorxmurdum. Sadəcə donmuşdum, nə baş verdiyini hələ də anlamırdım. Nənəm yanıma gələrək hər şeyin yaxşı olacağını, əsgərlərimizin düşməni məğlub edəcəyini dedi. Mən də nənəmə qorxmadığımı, onların yanında olduğumu bildirdim. Bir müddətdən sonra şəhərə sakitlik çökdü, atam tez-tez zəng vurub bizimlə maraqlanırdı. Həmin gün Gəncəyə 3 ədəd raket düşdüyünü öyrəndik. Raketlərdən biri evlərin qarşısına düşmüş, nəticədə yoldan keçən maşında sürücü şəhid olmuşdu. Çoxlu yaralılar vardı. Atam o gecə evə gec gəldi. Mən onu görə bilmədim.

 Sabahı gün Prezidentimiz İlham Əliyev yenə müjdəli xəbərlər verdi bizə. Gəncəyə atılan raketin qisası artıqlaması ilə alınmışdı. Biraz rahatlamış, şəhidimizin qisasının alınmasına sevinmişdik.

 2 gün sonra yenə raket səsi eşidildi. Dərhal atam evə zəng vurub nigaran olmamağımızı, itkilərin olmadığını bildirdi. Sabahı gün yenə raket səsləri gəldi. Atam yenə zəng vurub hər şeyin yaxşı olduğunu söylədi. Artıq düşmənlərimiz cəbhədə məğlub olurdular. Məğlubiyyəti qəbul etməyərək, cəbhədən uzaqda yerləşən şəhər, kəndlərə raketlər atır, terrror törədib, qorxu yaratmaq istəyirdilər. Amma biz bu terrora qarşı öz birliyimizlə cavab verirdik.

 11 oktyabr. O gecə fərqli idi. Bizi yuxudan düşmənlərin atdığı raketlərin zərbəsi oyatdı. Evimiz silkələndi. Hamı oyanmışdı. Atam bizimlə görüşüb dərhal evdən çıxdı. Ardınca bir səs daha eşidildi. Hamı qorxu içində idi. Bu səslərin digərlərindən fəqli olduğu məlum idi. Səhərədək yatmadıq. Atam səhər zəng vurub böyük itkilərin olduğunu bildirdi. Səsi çox qəmgin gəlirdi. Artıq televizorda bütün kanallar Gəncəni göstərirdi. Dəhşətli dağıntılar olmuşdu. Nəticədə 10 nəfərin şəhid olduğunu, çoxlu adamın yaralandığını öyrəndik. Və, bu xəbər beynimizdə qanlı bir yaddaşa çevrildi. Axşama doğru Prezidentimiz İlham Əliyevin xoş xəbərləri biraz da olsa bizi sevindirdi.

 Artıq əsgərlərimiz cəbhəboyu hər yerdə irəliləyirdilər. Onları durduracaq bir qüvvə yox idi. Düşmən daha da azğınlaşmışdı. Son nəfəslərini verirdilər. Bu son nəfəslərində bizə sonuncu kədərimizi yaşatdılar. 17 oktyabrda gecə yarısı atılan raket yenidən şəhərdə dəhşət yaratdı. Atam bir neçə gündü evə gəlmirdi.  Dağıntılar o qədər dəhşətli idi ki, insanın tükləri biz-biz dururdu. Düşmənin atdığı o, sonuncu raket nəticəsində 15 nəfər şəhid oldu. Artıq səbrimiz tükənirdi. Düşmənin terror yaratmaq istədiyi yerdə birlik, cəsarət doğmuşdu. Artıq qisas eşqi ilə yaşayan Azərbaycan Əsgərinin qarşısında heç bir qüvvə dura bilməzdi. Tezliklə düşmən məğlubiyyətini qəbul etdi. Prezidentimiz dediyi kimi: Qarabağ Azərbaycandır! Dedi və etdi…

Gəncəfilm kino Yaradıcılığının İnkişafına Təkan İctmai Birliyinin Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra etdiyi “Gəncə terroru – Gələcək nəsillər üçün qan yaddaşı” layihəsi çərçivəsində keçirilən inşa müsabiqəsi üçün yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir