• C. Apr 26th, 2024

Vətən üçün döyünən körpə ürək

Apr 24, 2022, 19:27

Rzayev Xaliq Atin oğlu

Gəncə şəhəri, 26 nömrəli Fizika-Riyaziyyat-İnformatika təmayüllü məktəb-liseyin 8-ci sinif şagirdi

Açıklama yok.

Həmişə dərsliklərimizdə işğal altında qalan torpaqlarımızın siyahısını oxuyub əzbərlədikdə çox qəribə hisslər keçirərdim. Fikirləşərdim ki, axı niyə bizim əzəli torpaqlarımız yağı düşmən tapdağında qalmalıdır. Səbirsizliklə böyüməyimi gözləyirdim ki, torpaqlarımızın azad edilməsində iştirak edim.

27 sentyabr 2020-ci ildə mənim 12 yaşım var idi. Səhər oyanada hər yerdə ancaq “müharibə başladı, əks-hücum əməliyyatı başladı”, deyə söz-söhbətlər eşidirdim. Bu sözlər məni həm sevindirdi, həm də bir az məyus etdi. Çünki mən də döyüşə getmək istəyirdim. Lakin yaşım az olduğu üçün bunu edə bilməzdim. Hər gün televiziya kanallarında Prezident İlham Əliyevin xalqa müraciətini səbirsizliklə gözləyirdim. Hər gün cənab Prezidentimizin bir ərazinin azad olunma xəbərini əlimdə bayraqla, sevinclə qarşılayıb, küçəmizdəki uşaqlara qoşulub “Qarabağ Azərbaycandır!” şüarını böyük qürurla səsləndirirdim.

Lakin düşmən hər dəfə geri çəkildikcə daha da azğınlaşır və dinc əhalini hədəfə alırdı. İlk dəfə 4 oktyabr 2020-ci ildə saat 10:00 radələrində güclü partlayış səsinə oyandım. Atamın “bomba atdılar” səsini eşitdikdə anladım ki, düşmən Gəncəni hədəf seçib. Cəld televiziya kanallarını açdım və bir nəfərin həlak olduğunu eşitdim. Bütün hisslərim qarışmışdı bir-birinə. Qorxu, kədər, həyəcan, eyni zamanda sevinc və qürur. Başa düşdüm ki, Rəşadətli Ordumuz irəliləyib.

Daha sonra isə düşmən gecələr öz xain əməllərindən əl çəkmədən Gəncəni atəşə tutmağa başladı. İlk dəfə 11 oktyabr 2020-ci il tarixində yeri-göyü lərzəyə gətirən partlayışda 10 nəfər dinc sakin həlak oldu, 100-dən çox insan isə müxtəlif dərəcədə bədən xəsarəti aldı. Ən amansız hücum isə 17 oktyabr tarixində baş verdi. Həmin gün körpə uşaqlar da daxil olmaqla 16 nəfər həyatını itirdi. Bununla düşmən öz iç üzünü aşkara çıxarmışdı və xalqımızı sarsıtmaq niyyətində idi. Amma biz əksinə, sarsılmadıq, irəli gedib Prezident İlham Əliyevin dediyi kimi intiqamımızı döyüş meydanında aldıq.

8 noyabr 2020-ci il isə nəyinki mənim üçün, bütün xalqımız üçün ən unudulmaz gün oldu. Biz Şuşamıza qovuşdiq. Biz  Zəfər qazandıq. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Rəşadətli Ordumuz bu qələbəni xalqımıza bəxş etdi.

Artıq iki ildir ki, mən və sinif yoldaşlarım işğaldan azad olan torpaqlarımızı dərsliklərdən deyil, əzbərdən deyirik. Çünki biz ZƏFƏR tarixinin canlı şahidlərindən olduq. Artıq biz Qalib xalqın Qalib şagirdləriyik!

Gəncəfilm kino Yaradıcılığının İnkişafına Təkan İctmai Birliyinin Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə icra etdiyi “Gəncə terroru – Gələcək nəsillər üçün qan yaddaşı” layihəsi çərçivəsində keçirilən inşa müsabiqəsi üçün yazılıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir