• Ça. Apr 16th, 2024

İlham Əliyevlə Paşinyan arasında Brüsseldə RAZILAŞMALAR

May 23, 2022, 10:09

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan və Ermənistan liderləri ilə üçtərəfli görüşün yekununa dair bəyanatla çıxış edib.

Bəyanatda deyilir:

“Bu gün mən Azərbaycan prezidenti Əliyevi və Ermənistanın baş naziri Paşinyanı yenidən qəbul etdim. Bu, bu formatda üçüncü müzakirəmiz idi. Biz Cənubi Qafqazdakı vəziyyətə və Aİ-nin hər iki ölkə, eləcə də daha geniş regionla əlaqələrinin inkişafına diqqət yetirdik.

Müzakirə səmimi və məhsuldar keçdi. Biz bütün məsələlər toplusunu nəzərdən keçirdik. Biz humanitar məsələlər, o cümlədən minaların təmizlənməsi, məhbusların azad edilməsi və itkin düşmüş şəxslərin taleyinin həlli istiqamətində səylər barədə ətraflı müzakirə apardıq.

Aşağıdakı nəticələrə nail olduq:

Sərhəd məsələləri

Yaxın günlərdə dövlətlərarası sərhəddə Sərhəd Komissiyalarının ilk birgə iclası keçiriləcək. O, sərhədin delimitasiyası və sabit vəziyyətin ən yaxşı şəkildə necə təmin edilməsi ilə bağlı bütün suallara cavab verəcək.

Əlaqələr

Liderlər nəqliyyat əlaqələrinin açılması məsələsinin davam etməyinin zəruriliyi ilə bağlı razılığa gəliblər. Onlar Qərbi Azərbaycanla Naxçıvan arasında və Ermənistanın müxtəlif bölgələri arasında Azərbaycandan keçməklə tranzit, eləcə də hər iki ölkənin kommunikasiya infrastrukturu vasitəsilə beynəlxalq daşımaları tənzimləyən prinsiplər barədə razılığa gəliblər. Xüsusilə, onlar sərhəd idarəçiliyi, təhlükəsizlik, torpaq haqları, həmçinin beynəlxalq daşımalar kontekstində gömrük prinsipləri barədə razılığa gəliblər. Baş nazirin müavinləri yaxın günlərdə bu işi davam etdirəcəklər.

Sülh müqaviləsi

Liderlər Ermənistan və Azərbaycan arasında dövlətlərarası münasibətləri tənzimləyən gələcək sülh müqaviləsi ilə bağlı müzakirələri davam etdirmək barədə razılığa gəliblər. Xarici işlər nazirlərinin başçılıq etdiyi qruplar bu prosesi yaxın həftələrdə irəli aparacaq. Hər iki liderə Qarabağdakı etnik erməni əhalisinin hüquqlarının və təhlükəsizliyinin təmin edilməsinin zəruri olduğunu da vurğuladım.

Sosial-iqtisadi inkişaf

Aİ hər iki tərəflə hər iki ölkənin və onların əhalisinin rifahı naminə iqtisadi münasibətləri inkişaf etdirməyə çalışan İqtisadi Məsləhət Qrupunun işini davam etdirəcək.

Mən həmçinin əhalinin uzunmüddətli davamlı sülhə hazırlanmasının vacibliyini vurğuladım. Aİ dəstəyini gücləndirməyə hazırdır.

Biz yaxın təmasda qalmağa razılaşdıq və iyul-avqustadək yenidən eyni formatda görüşəcəyik. Çox sağ olun”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir