• Şb. Apr 20th, 2024

İtkin düşmüş vətəndaşlarla bağlı vahid baza yaradılır

Okt 29, 2022, 19:22

Media İnkişaf Mərkəzi İctimai Birliyi (MİM İB) “İtkinlərimiz: 4000-dən hər biri” adlı layihənin icrasını başa çatdırıb. Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəklədiyi layihə 2022-ci il sentyabrın 1-dən oktyabrın 31-dək həyata icra olunub.

Layihənin yekunu ilə bağlı təqdimat mərasimi keçirilib. Tədbirdə jurnalistlər, QHT sədrləri, ekspertlər iştirak ediblər.

İctimai Birliyin sədri Qabil Abbasoğlu bildirib ki, Azərbaycanın təxminən 4 min vətəndaşının hərbi təcavüz nəticəsində itkin düşməsi, onların taleyi ilə bağlı təcavüzkar tərəfdən bu vaxta qədər heç bir açıqlama, izahat xarakterli bilgilər verilməməsi, Azərbaycanın isə danışıqlar prosesinin bütün mərhələlərində problemi gündəmdə saxlaması məsələnin aktuallığını və ona ictimai diqqətin artırılmasının zəruriliyini göstərir.

“Bu insanların itkin düşdüyü konkret şərait, döyüşlər barədə aydınlaşdırıcı materiallara və ya sonrakı talelərinə azacıq da olsa işıq sala biləcək məlumatlara ehtiyac var idi. Biz bu ehtiyacdan çıxış edərək, həmin insanların taleyi ilə bağlı yaxınlarının, şahidlərin dilindən, habelə rəsmi mənbələrin bilgiləri əsasında detallı təsvir olunduğu jurnalist araşdırmalarının hazırlanmasına və bir neçə dilə tərcümə olunaraq, yayılmasına qərar verdik. Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə bu ideyanı dəstəklədikləri üçün təşəkkür edirik”.

MİM İB sədri bildirib ki, layihənin məqsədi itkin düşmüş vətəndaşlarımız barəsində yeni və mümkün qədər dəqiq məlumatlar əldə etməyə çalışmaq, bu məlumatları vahid bazada birləşdirməkdir.

“Hazırda Azərbaycan və Ermənistan arasında sülh danışıqları üzrə diplomatik təmaslar sıxlaşıb. Bu baxımdan, itkin düşmüş şəxslər mövzusu da bu mərhələdə gündəmdə önə çıxan məsələlərdən olacaq. Başqa tərəfdən, 4 minə yaxın insanın taleyinin araşdırılması kifayət qədər böyük vaxt tələb edir. Odur ki, layihənin davamlı olacağı gözlənilir” – deyə, Q.Abbasoğlu bildirib.

Layihə çərçivəsində hazırlanmış 6 jurnalist materialının müəllifi, tanınmış jurnalist Vüsalə Məmmədova itkin ailələri ilə görüşlərdən, bu ailələrin onillərdir yaşadığı mənəvi çətinliklərdən söz açıb. O, bildirib ki, son bir neçə ayda apardığı araşdırmalar itkin düşən vətəndaşlarımızla bağlı ciddi iş aparılmasının zəruriliyini, vahid bazanın yaradılmasının və bu problemin humanitar problem kimi beynəlxalq miqyasda qaldırılmasının vacibliyini göstərib: “Layihənin icrası və araşdırımaların aparılması zamanı Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupu ilə sıx təmasda oldum. Faydalı əməkdaşlıq və işimizə verdikləri dəstəyə görə onlara minnətdarlığımı bildirirəm. İşçi Qrupu da hesab edir ki, bu araşdırmalar davam etdirilməli, itkinlər problemi yerli ictimaiyyətin və beynəlxalq təşkilatların diqqətinə daha aydın şəkildə təqdim olunmalıdır”.

Tədbirdə çıxış edən hərbi ekspert, Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, “Hərbi And” qəzetinin baş redaktoru Emin Həsənli deyib ki, torpaqlarımızın işğal altında qaldığı son 30 ildə bu cür tarixi həqiqətləri əks etdirən, vətənpərvərlik təbliğatına xidmət edən maarifləndirici yazıların olmasına ciddi ehtiyac vardı: “Vüsalə Məmmədovanın müəllifi olduğu “Əsir düşərgəsi”, qazi jurnalist Rey Kərimoğlunun müəllifi olduğu “Kəşfiyyatçının xatirələri”, “Barıt qoxusu” layihələri bu sahədə kifayət qədər əhəmiyyətli rol oynadı. Gənc nəsil təcavüzkar Ermənistan dövlətinin xalqımızın başına açdığı müsbətlər barədə dütallı və real, şahidlərin dilindən məlumatlar ala bildi. İnanıram ki, Vətən Müharibəsindəki Zəfərimizdə bu cür təbliğat materiallarının önəmli rolu oldu”.

Qarabağ qazisi, “qaziler.az” saytının rəhbəri Rey Kərimoğlu birinci Qarabağ müharibəsi zamanı itkin düşənlərlə bağlı xatirələrini bölüşüb. O, həmin şəxslərin taleyi ilə bağlı aparılan araşdırmaların olduqca vacib və döyüş tariximiz üçün əhəmiyyətli olduğunu qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir