• Be. Fev 26th, 2024

“Qarabağın dad yaddaşı” filminin təqdimatı olub

Okt 31, 2022, 17:42

Oktyabrın 29-da Davam Gənclər Hərəkatı İctimai Birliyinin mərkəzi ofisində “Qarabağın dad yaddaşı” sənədli filminin təqdimatı olub.

Turkustan.az xəbər verir ki, film “Azərbaycan Milli Kulinariyasının Araşdırılması, Təbliği və Dünyaya İnteqrasiyası” İctimai Birliyinin layihəsi əsasında, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə hazırlanıb.

Layihə rəhbəri Kənan Qılıncxanov bildirib ki, məqsəd Qarabağın dad yaddaşını, mətbəx və məişət mədəniyyətini təbliğ etmək, bu mədəni yaddaşın bərpasına, nəsillərdən-nəsillərə ötürülməsinə, unudulmamasına xidmət göstərmək, gənc nəslin bu yaddaşı yaşatmasına, həm də zəngin Azərbaycan milli mətbəxinin ayrılmaz qolu olan Qarabağ mətbəxinin dünyada tanıdılması və təbliğinə vəsilə olmaqdır.

Layihə rəhbərinin sözlərinə görə, bu film, həmçinin İctimai Birliyinin “Şuşa İli”nə və Azərbaycanın mədəniyyət paytaxtı Şuşanın 270 illiyinə töhfəsidir. Kənan Qılıncxanov belə bir aktual layihəni dəstəklədiyinə görə Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinə minnətdarlığını bildirib.

Filmin ssenari müəllifi, Əməkdar jurnalist Firuzə Nadir deyib ki, Qarabağ zaman-zaman qədim tarixi, mədəniyyəti, musiqisi ilə bərabər, bol süfrəsi, qonaqpərvərliyi ilə də səyyahları, turistləri, qonaqları özünə cəlb edib: “Təəssüf ki, Qarabağ, onun tacı Şuşa 30 ilə yaxın müddətdə erməni işğalı altında olub, qala-şəhərin sakinləri öz yurdundan didərgin düşüb. Lakin onlar Şuşadan uzaq olsalar da, adət-ənənələrini qoruyub saxlayıb, unudulmağa qoymayıblar, gənc nəslə ötürüblər. 44 günlük Vətən müharibəsindəki Qələbə mədəniyyətimizi, bizə məxsus olanları da dünyaya çatdırmağa kömək etdi. 2020-ci ildə işğaldan azad olunan Şuşa artıq sürətlə abadlaşır, dünyanın diqqətini özünə cəlb edir, onun tarixinə, mədəniyyətinə də maraq artır”.

“Qarabağın dad yaddaşı” sənədli filminin Şuşanın mətbəx və süfrə mədəniyyətinin təqdimatından, adət-ənənələrin təbliği və gələcək nəsillərə ötürülməsindən bəhs etdiyini deyən Firuzə Nadir bildirib ki, filmin çəkilişləri Azərbaycanın mədəniyyət paytaxtı Şuşada, təbiət qoynunda aparılıb. Filmdə şuşalıların yaşlı, orta və gənc nəsildən olan nümayəndələri iştirak edib. Onlar filmdə Qarabağın, Şuşanın mətbəxindən nümunələri əyani şəkildə hazırlayıb təqdim ediblər. Filmdə sakinlərin Qarabağın, Şuşanın mənəvi dəyərləri, özünəməxsus yeməkləri, eləcə də işğal dövründə qarşılaşdıqları çətinliklərlə bağlı maraqlı söhbətləri də əks olunub. Film tarixi şəhərimiz Şuşanın tanıdılması, qarabağlıların mətbəxinin, qonaqpərvərliyinin nümayişi baxımından da böyük əhəmiyyət kəsb edir.

Tədbirdə çıxış edənlər filmin Qarabağın zəngin mətbəx və məişət mədəniyyətinin təbliği baxımından əhəmiyyətindən danışıblar. Vurğulanıb ki, Qarabağın mətbəx mədəniyyətinin təbliği gənclərin vətənpərvər tərbiyəsində də mühüm rol oynayır. Filmin əcnəbi dillərə tərcüməsinin vacibliyi də diqqətə çatdırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir