• Ç. Apr 24th, 2024

BDU-da “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiya barəsində danışıldı

Okt 27, 2022, 10:35

“Soyqırım Həqiqətlərinin Tanıdılması” İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Yeniyetmə və gənclərin “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiya barəsində maarifləndirilməsi” layihəsi çərçivəsində tədbir keçirib. Bakı Dövlət Universitetində reallaşan tədbirdə Milli Məclisin deputatları, ekspertlər, Universitetin müəllimləri və tələbələr iştirak edib.

Tədbirdə çıxış edən layihə rəhbəri Ayşən Hüseynova layihə barəsində danışıb. Bildirib ki, Layihənin məqsədi “Soyqırımı cinayətinin qarşısının alınması və cəzalandırılması haqqında” Konvensiyanın verdiyi imkanlardan səmərəli istifadə edib ermənilər tərəfindən başımıza gətirilən Xocalı, 31 mart soyqırımları barəsində məsələni gündəmdə saxlamaq, yeniyetmə və gənclərin bu prosesin fəal tərəfdaşına çevrilməsini təmin etməkdən ibarətdir. Layihə dövründə konersiya və bir sıra beynəlxalq hüquqi aktları özündə əks etdirən 200 ədəd kitabça hazırlanıb. Eyni zamanda 150 xüsusi geyimlər tədbir iştirakçılarına pulsuz olaraq paylanılacaq.
Tədbirdə çıxış edən Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova gənclərə çağırış edib: “Vətəni sevmək, onu qorumaq hər birimizin borcudur. Biz öz tariximizi yaxşı bilməliyik ki, hüquqlarımızı müdafiə edə bilək. Haqq səsimizi, mübarizəmizi dünyaya çatdırdıraq. Bunun üçün isə bilikli və məlumatlı olmaq lazımdır. Bu baxımdan “Soyqırım Həqiqətlərinin Tanıdılması” İctimai Birliyinin keçirdiyi bu tədbirin xüsusi əhəmiyyəti vardır. Soyqirimi nədir, onun törətdiyi fəsadlar, qurbanların sonrakı taleyi, cinayətkarların cəzalandırılması, yerli və beynəlxalq hüququn mövqeyi – bu və digər məsələlər bizi də narahat edir. Niyə? Çünki xalqımız dəfələrlə soyqırımına məruz qalıb və hələ də əsl cinayətkarlar cəzasına çatmayıb. Əfsuslar olsun ki, dünya hələ də azərbaycanlılara qarşı törədilmiş soyqırımı haqqında tam məlumatlı deyil. Ona görə də bu gün Azərbaycana və xalqımıza qarşı törədilən hərbi cinayətləri dünyada təbliğ etmək üçün hər birimiz, xüsusi ilə də gənclərimiz məsuliyyət daşıyır”.
Deputat bildirib ki, Azərbaycan xalqı son 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalıb: “Azərbaycan xalqı tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayət olunmuşdur. Ermənilərin təkcə XX əsrdə həyata keçirdikləri soyqırımı, deportasiya və etnik təmizləmə siyasəti nəticəsində Azərbaycan 1918-1929-cu illərdə iyirmi doqquz tam onda səkkiz min kvadrat kilometr ərazisini itirmiş, 1991-1993-cü illərdə isə torpaqlarımızın 20 faizi işğal edilmişdir. Bütövlükdə isə iki milyon yarım azərbaycanlı soyqırımı və deportasiya cinayətlərinin qurbanı olmuşdur. Bu hadisələrin yalnız birinə – 1918-ci il mart qırğınına siyasi qiymət vermək cəhdi göstərilmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi Azərbaycan Respublikası soyqırımı hadisələrinə siyasi qiymət vermək borcunu tarixin hökmü kimi qəbul etdi. Və 1998-ci il martın 26-da Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanda həmin dəhşətli hadisələrə hüquqi – siyasi qiymət verilmiş və 31 mart “Azərbaycanlıların Soyqırımı Günü” elan olunmuşdur. XX-əsrin 90-cı illərində Ermənistanın ölkəmizə hərbi təcavüzü nəticəsində minlərlə insan, o cümlədən, qadın, uşaq və qocalar həlak olmuş, yaralanmış, ağlasığmaz işgəncələrə və təhqirlərə məruz qalmışdır. Yüzlərlə Azərbaycan vətəndaşı, o cümlədən uşaq, qadın və qocalar erməni əsir və girovluğunda dözülməz işgəncələrin qurbanı olmuşdur. Xocalı soyqırımı bu aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. Hamıya məlumdur ki, müharibələrin qurbanı olan insanlar ciddi psixoloji təsirlərə məruz qalırlar. Bu təsirlərin davamı kimi xəstə uşaqlar dünyaya gəlir, ailələrdə gərginlik yaşanır. Dünyada “Vyetnam sindromu”, “əfqan sindromu” mövcuddur. Və biz beynəlxalq təşkilatların qarşısında, müxtəlif toplantılarda Xocalı soyqırımı və onun ağır nəticələri haqqında danışanda heç bir reaksiya görmürük. Onlar heç bir addım atmırlar, sanki eşitmirlər. Əlbəttə ki, biz çalışmalıyıq ki, dünya Xocalıda törədilən genosidi, isə “Xocalı sindromu”nu tanımalıdır, qəbul etməlidir. Birinci Qarabağ müharibəsindən bu günə qədər Azərbaycanın dörd minə yaxın vətəndaşı itkin sayılır. Təəssüflər olsun ki, Ermənistan tərəfi beynəlxalq çağırışlara məhəl qoymayaraq beynəlxalq faktaraşdırıcı missiyanın o zaman işğal altında olan Azərbaycan torpaqlarına girməsinə və bu məsələni araşdırmasına imkan vermirdi. Ancaq, İkinci Qarabağ müharibəsində Azərbaycan öz torpaqlarını azad etdikdən sonra bu məsələ də aktiv fazaya keçdi. Azad edilən ərazilərdə tikinti-abadlıq, minatəmizləmə işləri aparılan zamanı bir neçə kütləvi məzarlıqlar aşkar edildi. İndiyə kimi saxlanılan Bu, təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir”.
Hicran Hüseynova onu da deyib ki, bu gün bizim qarşımızda duran başlıca vəzifə ermənilərin azərbaycanlılara qarşı törədikləri cinayətlərin soyqırımı kimi, beynəlxalq hüquqi qiymətini almasına nail olmaqdır: “Və bu cinayətlərin beynəlxalq səviyyədə düzgün qiymətinin tapması üçün yalnız dövlət strukturları deyil, bütün ictimai qurumlar, hər bir vətəndaş imkanları çərçivəsində əlindən gələni etməlidir. Bu baxımdan Heydər Əliyev Fondu, və onun prezidenti, Respublikanın 1-ci vitse- prezidenti Mehriban Əliyevanın, eləcə də fondun vitse- prezidenti Leyla Əliyevanın təşəbbüsü çox diqqətəlayiqdir. “Xocalıya Ədalət” kompaniyası çərçivəsində Azərbaycan həqiqətlərinin dünya dövlətləri tərəfindən tanıdılmasında aparılan işlər xüsusi əhəmiyyət daşıyır. Biz unutmamalıyıq ki, ermənilər Azərbaycan və türk xalqlarına qarşı həmişə düşmən mövqe tutublar. Ona görə xalqımıza qarşı törədilmiş soyqırımı haqqında həqiqətləri real faktlar, tarixi sübutlar əsasında dünya dövlətlərinə, nüfuzlu beynəlxalq təşkilatlara çatdırmaq, saxta erməni təbliğatı nəticəsində formalaşmış, heç bir həqiqəti əks etdirməyən fikirləri dəyişdirmək üçün davamlı iş aparılmalıdır. Bütün imkanlardan, platformalardan istifadə edərək hadisələri olduğu kimi çatdırmaq, ona hüquqi-siyasi qiymət verdirmək, ermənilərə fürsət verməmək üçün daha da fəal olmalıyıq. Bu nə qədər çətin olsa da, şərəfli və müqəddəs bir iş kimi bu gün də, gələcəkdə də davam etdirilməlidir. İkinci Qarabağ müharibəsindən və hazırda Qarabağda, Şərqi Zəngəzurda gedən işlərdən sonra, bütün dünya bir daha əmin oldu ki, Azərbaycan dövləti, Azərbaycan xalqı elə bir qüdrətə və birliyə malikdir ki, o həm ərazi bütövlüyünü qorumağa, həm də qısa müddət ərzində qurub-yaratmağa qadirdir. Əziz gənclər, Аzərbаycаn bаyrаğını ucа tutmаq, torpaqlarımızı qorumaq hər birimizin şərəf bоrcudur. Bu gün informasiya müstəvisində gərgin mübarizə gedir. Və biz, Azərbaycanı, onun tarixini, mədəniyyətini, xalqımıza qarşı törədilmiş cinayətləri yaymalıyıq, daha çox məlumat ötürməliyik. Bu platformada güclü və davamlı iş aparmalıyıq, Xüsusilə də bizim gənclərimiz daha fəal olmalıdırlar, bu mübarizədə qalib gəlmək üçün isə daha çox öyrənmək, biliklərə sahib olmaq lazımdır”.
Tədbirdə çıxış edən Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Naqif Həmzəyev gənclərin vandal ermənilər tərəfindən törədilən soyqırım hadisələrinin beynəlxalq arenada tanıdılması yönündə davamlı iş aparmalı olduğunu bildirib. Qeyd edib ki, bu kimi fəaliyyətdə həmrəylik nümayiş edilməli, və proses davamlı hal almalıdır.
Digər natiq Milli Məclisin deputatı Vüqar İsgəndərov Azərbaycan gəncliyinin yüksək potensiala malik olduğunu bildirib. Qeyd edib ki, həyata keçirilən gənclər siyasəti nəticəsində peşəkar və bilikli gənclik formalaşmaqdadır. Deputat onu da bildirib ki, gənclərin potensialı erməni vandalizminə qarşı mübarizədə ən önəmli silahdır. Bu silahdan düzgün istifadə növbəti soyqırımların qarşısını ala bilər.

Hərbi ekspert Ramil Məmmədli isə çıxışında cəbhədə və masa arxasında həyata keçirilən tədbirlərin beynəlxalq ictimayyətə çatdırılmasında gənclərin mühüm rolunun olduğunu bildirdi. Qeyd etdi ki, bu gün beynəlxalq hüquq və digər qanunlarla yanaşı silah və silahdan düzgün istifadə məsələsinə fikir verilməlidir. Bu yöndə əldə olunan ümumi təcrübə və bacarıq bizi növbəti qələbələrə aparacaq. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir